
İsveç hücumçusu Zlatan İbrahimoviç İtaliyanın "Milan" klubuna qayıdıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. "Milan"ın "Twitter"dəki rəsmi səhifəsində 38 yaşlı isveçlinin qayıdışını elan edən çarx yerləşdirilib. "Agence France-Presse"nin məlumatına görə, İbrahimoviç klubla yarım illik müqavilə imzalayıb.
İbrahimoviçin son klubu ABŞ-ın "Los-Anceles Qelaksi" komandası olub. Futbolçunun komanda ilə müqaviləsi dekabrda başa çatır. İsveçli hücumçu komandada 58 matç keçirib və 53 qol vurub, habelə 15 səmərəli ötürmə edib. İbrahimoviç "Milan"ın heyətində 2010-cu ildən 2012-ci ilə qədər oynayıb. Hücumçu komandada 85 matç keçirərək 56 qol vurub, eyni zamanda 24 məhsuldar ötürmə edib.
Ötən gün İtaliya mətbuatında hücumçunun "Milan"la 6 aylıq müqavilə imzalayacağı barədə xəbər yayılmışdı.
uguryolu.az