DataLife Engine / Xızı dağlarının və Abşeron torpağının küləkləri işığa çevriləcək

Xızı dağlarının və Abşeron torpağının küləkləri işığa çevriləcək

Xızı dağlarının və Abşeron torpağının küləkləri işığa çevriləcək

Cari ilin yanvar ayının 13-də ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən təməli qoyulan “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının məkanı, məramı və məqsədi adından bəllidir. Belə ki, onu Xızı dağlarının və Abşeron torpağının küləyi hərəkətə gətirəcək. “Xızı-Abşeron” ölkəmizdə bu tipli ən böyük stansiya olacaq. Azərbaycanın Xəzərsahili ərazilərinin və dağlıq bölgələrinin havası çox vaxt küləkli olur. Bu da həmin yerlərdə külək stansiyalarının tikilməsinə, yəni sözügedən potensialdan istifadə etməyə əlverişli imkan yaradır.

Prezident İlham Əliyev tikilməsinə başlanan obyektin əhəmiyyətindən danışarkən qeyd etmişdir ki, bu stansiyanın yaradılması bir daha onu göstərir ki, bərpaolunan enerji növlərinin istehsalına Azərbaycan dövləti çox böyük önəm verir. Təxminən bir il bundan əvvəl Azərbaycan Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti arasında icra müqaviləsi imzalanmışdır. Bu stansiya Azərbaycanda bərpaolunan enerji sektorunda ən böyük elektrik stansiyası olacaqdır. Onun istehsal gücü 240 meqavatdır və təbii ki, həm ölkəmizin enerji təhlükəsizliyinə töhfə verəcək, eyni zamanda çoxlu iş yerlərinin yaradılmasına səbəb olacaqdır. Həmçinin təbii qaza qənaətimiz ilə bağlı planda olan məsələlər də öz həllini tapacaqdır. Təbii ki, ətraf mühitə mənfi təsirin azaldılması istiqamətində bu stansiyanın çox böyük əhəmiyyəti olacaqdır.

Vətən müharibəsindəki Qələbəmiz regional əməkdaşlıq, o cümlədən elektrik enerjisi, xüsusilə bərpaolunan enerji istehsalı sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır. Dövlətimiz bu sahəyə investorları cəlb etmək məqsədinə nail olur. Bunların sırasında həmin sahədə dünyada ən aparıcı şirkətlərdən biri - “ACWA Power”in olması və onun məhz qardaş Səudiyyə Ərəbistanını təmsil etməsi sevindirici haldır. “ACWA Power” bu sahədə böyük təcrübəsi olan şirkətdir. Onun inşa etdiyi stansiyaların enerji istehsalı gücü 42 min meqavatdan çoxdur.

Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında sıx dostluq və qardaşlıq münasibətləri var. Azərbaycan xalqı Səudiyyə Ərəbistanının Azərbaycana işğal dövründə göstərdiyi siyasi dəstəkdən xəbərdardır. Səudiyyə Ərəbistanı o nadir ölkələrdəndir ki, erməni işğalına görə Ermənistanla, ümumiyyətlə, diplomatik əlaqələr qurmamışdır və bu, Azərbaycan xalqına, Azərbaycan dövlətinə göstərilmiş böyük mənəvi dəstəkdir, qardaşlığın əlamətidir. Ölkəmizin Səudiyyə Ərəbistanı ilə siyasi əlaqələri yüksək səviyyədədir. Eyni zamanda, iqtisadiyyatın müxtəlif sahələrində fəal əməkdaşlıq edilir.

Qeyd etmək lazımdır ki, Azərbaycana yatırılan 300 milyon dollara yaxın sərmayə “ACWA Power” şirkətinin Səudiyyə Ərəbistanı hüdudlarından kənarda qoyduğu ən iri sərmayədir. Bildiyiniz kimi, bu enerji stansiyasının gücü külək hesabına əldə olunan 240 meqavat olacaq ki, bunun da sayəsində 300 min evin elektrik enerjisi təmin ediləcək. Eyni zamanda, 220 milyon kubmetr qaza qənaət olunacaq və il ərzində 400 min ton karbon qazının atmosferə atılması azaldılacaqdır. Bununla da Azərbaycanın 2030-cu ilə qədər bərpaolunan enerji mənbələri sayəsində 30 faiz elektrik enerjisinin əldə olunması məqsədinə əhəmiyyətli dərəcədə töhfə verilmiş olacaqdır.

Əlavə olaraq “ACWA Power” şirkəti Azərbaycanda dənizdə külək enerjisi stansiyasının tikilməsi layihəsi ilə əlaqədar Anlaşma memorandumu imzalayacaq ki, onun ümumi gücü təxminən 500 meqavat olacaq. İlkin mərhələdə külək enerjisindən istifadə potensialı araşdırılaraq yaşıl karbohidrogenlərin hasil edilməsindəki mümkün tətbiqi öyrəniləcək.

Belə bir şirkətin Azərbaycana maraq göstərməsi sevindirici haldır. Əlbəttə ki, burada ikitərəfli dövlətlərarası əlaqələr böyük rol oynayır. Eyni zamanda, son illər Azərbaycan iqtisadiyyatında, o cümlədən energetika sahəsində aparılan islahatlar, münbit investisiya iqlimi, ölkəmizin uğurlu inkişafı, mövcud sabitlik, əmin-amanlıq,

təhlükəsizlik - bütün bu amillər təbii ki, hər bir sərmayəçi üçün önəmli rol oynayır. Həm də Azərbaycanda xarici investisiyaların qorunması ən yüksək səviyyədədir. “Xarici investorlar yaxşı bilirlər ki, bizim sözümüz imzamız qədər qiymətlidir və dəyərlidir” – deyə Prezident cənab İlham Əliyev bildirmişdir.

Hazırda bərpaolunan enerji növlərinin istehsalı enerji sahəsindəki gündəliyimizdə duran ən başlıca vəzifələrdən biridir. Məsələn, Cəbrayıl rayonunda böyük günəş elektrik stansiyasının tikintisi ilə bağlı danışıqlar, müzakirələr aparılır. Bu stansiyanın enerji istehsalı potensialı da 240 meqavata bərabər olacaq. Aparılmış dəqiq təhlil nəticəsində bəlli olub ki, işğaldan azad edilmiş ərazilərdə bütövlükdə 10 min meqavata yaxın bərpaolunan külək və günəş elektrik enerjisinin istehsalı mümkündür.

Prezident İlham Əliyev işğaldan azad edilmiş əraziləri - 10 min kvadratkilometr ərazini “yaşıl enerji” zonası elan edib. Burada artıq bir neçə su elektrik stansiyası inşa edilib və fəaliyyətə başlayıb. Günəş və külək elektrik stansiyalarının yaradılması ilə bağlı isə konkret planlar var. Buna görə də dövlət başçısı əmin olduğunu bildirir ki, ölkədə inşa ediləcək “Xızı-Abşeron” stansiyasının açılışından sonra və bəlkə də açılışına qədər digər investisiya layihələri də icra edilməyə başlanacaq.

Etibar Axundov,
Salyan rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru
18-01-2022, 11:47
Вернуться назад