
Bu gün Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Xocalı soyqırımının 30 illiyi münasibəti ilə anım tədbiri keçirilib.
Nazirlikdən Oxu.Az-a verilən məlumata əsasən, əvvəlcə, Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan FHN Akademiyasının rəisinin birinci müavini polkovnik Qəzənfər Bağırov Xocalı soyqırımı haqqında danışaraq bu hadisənin XX əsrin ən böyük faciələrindən biri olduğunu qeyd edib. Törədilmiş soyqırımı aktının erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdiyi terror və kütləvi qırğın siyasətinin tərkib hissəsi olduğunu vurğulayan natiq bu faciənin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş ən ağır cinayət olduğunu diqqətə çatdırıb.
Xocalı faciəsinə ilk dəfə hüquqi-siyasi qiymətin ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini bildirən Q.Bağırov vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Vətən müharibəsində parlaq Qələbə qazanmaqla şəhidlərimizin intiqamını alıb.
Tədbirdə çıxış edən Xocalı sakini, 8 gün erməni əsirliyində qalan Dürdanə Ağayeva əsirlikdə olduğu müddətdəki acı xatirələrindən, gördüyü amansız vəhşiliklərdən söz açıb. D.Ağayeva Xocalı soyqırımı ilə bağlı yazdığı “Erməni zindanında 8 gün” kitabını Akademiyanın kitabxanasına hədiyyə edib. O, müəllifi olduğu kitabın yazılma səbəbinin xocalıların başına gətirilən soyqırımın dünya ictimaiyyətinə çatdırılması olduğunu vurğulayıb. Natiq çıxışının davamında ölkə başçısının rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Zəfər nəticəsində şəhidlərimizin qanının yerdə qalmadığını deyib.
Tədbirin sonunda Xocalı soyqırımına həsr olunmuş videoçarx nümayiş olunub.