
“Komanda şəklində çempion olduq. İlk dəfə yunan-Roma güləş millisi Avropanın ən güclüsü adını qazandı. Buna görə də çox sevincliyik”.
Bunu Oxu.Az-a ikinci dəfə Avropa çempionu olan Eldəniz Əzizli deyib.
O, 2018-ci ildə Rusiyanın Kaspiysk şəhərindəki Avropa çempionluğundan sonra eyni nəticəni göstərməyindən danışıb. Bu ay 30 yaşını qeyd edəcək idmançı altıncı dəfə Avropa çempionatında medal qazanmaqla ölkə üzrə rekord göstəriciyə imza atıb:
“Özüm ikinci dəfə Avropa çempionu oldum, altıncı dəfə fəxri kürsüyə çıxdım. 4 il aradan sonra çempionluq hissini yaşamaq əladır. Bildiyiniz kimi, fevralda İstanbulda yarışanda belim, boynum, hətta dizimdə zədələr vardı. Ancaq Allaha şükürlər olsun ki, zədələrimi sağaldıb Avropa çempionu ola bildim.
55 kq çəki dərəcəsində Avropa çempionu olmağa əsas 3 nəfər namizəd idi. Bir mən idim, digəri gürcü Nuqzar Surtsumia idi, o biri də erməni Rudik Mkrtçyan. Elə oldu ki, onların ikisi ilə də qarşılaşdım. Yarımfinalda Mkrtçyana 7:3, finalda isə Surtsumiaya 8:2 hesabı ilə qalib gəldim. Gürcü idmançı 2019-cu ildə Nur-Sultanda dünya çempionu olmuşdu, mən bürünc medal qazanmışdım. Ona 8:2 qalib gəlsəm də, çətin görüş keçdi.
Erməni idmançıya isə 2020-ci ildə 2 dəfə qalib gəlmişdim. Əvvəl Romada keçirilən Avropa çempionatının 1/4 finalında (7:1) və Belqradda keçirilən fərdi Dünya Kubokunun təsəlliverici yarışında (9:0) qalib gəlmişdim”.