DataLife Engine / Bütün mənalı həyatını öz xalqına bəxş etmiş dahi Lider

Bütün mənalı həyatını öz xalqına bəxş etmiş dahi Lider

Bütün mənalı həyatını öz xalqına bəxş etmiş dahi Lider
Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, onun xarici iqtisadi əlaqələrinin sistemli olaraq genişlənməsi və dünya iqtisadiyyatına daha dərin bir şəkildə inteqrasiya prosesi hələ 1970-1980-ci illərdə Heydər Əliyev tərəfindən təməli qoyulmuş potensiala əsaslanır. Məhz həmin illər ərzində Bakıda ən böyük abadlıq işləri görülmüş, müasir Azərbaycan memarlığının əsərləri sayılan və respublikanın siyasi və mədəni həyatında böyük olan bir sıra memarlıq ansamblı, inzibati mərkəz, saray, institut, nəşriyyat, tədris korpusu, kompleks və özünün görkəmi ilə şəhərə rövnəq verən neçə-neçə digər bina tikilib istifadəyə verilmişdir. Məhz Heydər Əliyevin təşəbbüsü sayəsində çox sayda memarlıq abidəsinin bərpası mümkün olmuşdur. O, Azərbaycan xalqının tarixi keçmişində, mənəvi mədəniyyəti tarixində iz qoymuş böyük şəxsiyyətlərin abidəyə çevrilməsinin xalqın milli varlığına, milli duyğularının güclənməsinə son dərəcə müsbət təsir edəcəyini çox gözəl bilirdi. Ümummilli lider Heydər Əliyev həm sovet dönəmində, həm də müstəqillik illərində bu istəyinə çatmağın başlıca təminatı olaraq iqtisadiyyatın inkişafına böyük önəm vermişdir. Siyasi liderlik bacarığına, idarəçilik təcrübəsinə mükəmməl yiyələnmiş ulu öndər həmişə belə hesab edirdi ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir və istənilən müstəqilliyin əsasında iqtisadiyyat durur. Heydər Əliyev həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycan iqtisadiyyatının inkişafı üçün tarixi xidmətlər göstərmişdir.
Sovet zamanında ittifaqa daxil olan respublikaların rəhbərləri bir qayda olaraq mərkəzdən müəyyən edilən qaydalar əsasında fəaliyyət göstərirdilər. Hər bir mühüm məsələ SSRİ dövlətinin nəzarətində idi. Lider kimi fəaliyyət göstərmək üçün çoxlu məhdudiyyətlər var idi. 1969-cu ildə Azərbaycanın rəhbəri seçilən Heydər Əliyev də bütün bu məhdudiyyətlərlə, çətinliklərlə üzləşməli olmuşdu. Üstəlik, respublika iqtisadiyyatında, sözün əsl mənasında, ağır vəziyyət yaranmışdı: bütün əsas sosial-iqtisadi göstəricilərə görə Azərbaycan ittifaqda axırıncı yeri tuturdu.
Heydər Əliyev, ilk növbədə, iqtisadiyyatda yaranmış ağır vəziyyətin, onu doğuran səbəblərin sistemli təhlilini apardı, risklər edərək bir sıra təşkilati tədbirlər həyata keçirdi. İttifaq hökuməti qarşısında respublikanın gələcək iqtisadi həyatı ilə bağlı məsələlər qaldırdı və qısa vaxt ərzində sovet hökumətinin Azərbaycan Respublikasının inkişafına dair xüsusi qərarlarının qəbul edilməsinə nail oldu. Milli gəlir, sənaye, kənd təsərrüfatı məhsulları istehsalında 60-cı illərdəki gerilik aradan qaldırıldı, yeni keyfiyyətli inkişafın fundamental əsaslarının möhkəmləndirilməsi üçün xeyli iş görüldü.
Heydər Əliyev qəti qərara gəlmişdi ki, respublika iqtisadiyyatının uzaq gələcəyə yönələn inkişafı elmi-texniki tərəqqini müəyyən edən sahələrin daha üstün inkişafından çox asılı olacaq. Bu strateji xətti həyata keçirmək üçün Heydər Əliyev titanik fəaliyyət göstərdi, ciddi maneələrin aradan qaldırılmasına nail oldu. 1976-cı ildə Sov.İKP MK və SSRİ Nazirlər Soveti Azərbaycanda sənayenin təkmilləşməsinə dair çox mühüm sənəd qəbul etdi. Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə Azərbaycan sənayesinin inkişafı tarixində mühüm rol oynayan bu proqramın uğurla reallaşması üçün böyük təşkilati iş aparıldı. Nəticədə, sənayenin vacib proporsiyaları xeyli yaxşılaşdı, yeni tipli müəssisələr, istehsal sahələri istifadəyə verildi, on minlərlə yeni iş yeri yaradıldı. Sənayenin ixrac potensialı xeyli artdı, istehsalın mədəni-texniki səviyyəsi yüksəldi.
Bu gün biz böyük qürur hissi ilə deyə bilərik ki, müstəqil Azərbaycan dövlətinin yeni iqtisadi sisteminin yaradılması da Heydər Əliyevin adı ilə bağlıdır. Bu elə bir iqtisadi sistemdir ki, o, respublikamızın perspektiv inkişaf, xalqın yaşayış səviyyəsinin yüksəldilməsi imkanlarını reallaşdırmaq üçün güclü zəmin yaratmağa qadirdir. Müstəsna təşkilatçılıq qabiliyyətinə, zəngin idarəçilik təcrübəsinə, dərin analitik təfəkkürə malik olan Heydər Əliyevin müstəqil Azərbaycanın inkişaf strategiyası barədə baxışları fundamental xarakter daşıyır. Bu konseptual baxışlar Azərbaycan reallığına, onun malik olduğu imkanların sistemli təhlilinə, qloballaşan dünyada gedən proseslərin milli maraqlar baxımından qiymətləndirilməsinə əsaslanır.
Müstəqil Azərbaycan dövlətinin Prezidenti olaraq Heydər Əliyev xarici iqtisadi siyasətlə bağlı strategiyasını çox çətin bir şəraitdə formalaşdırdı. Müstəqilliyin ilk illərində respublikada yaranmış ağır şərait, ictimai-siyasi sahədə qeyri-sabitlik müstəqil Azərbaycanın beynəlxalq aləmdə imicini çox aşağı salmışdı. Heç bir dövlət Azərbaycana investisiya baxımından əlverişli bir region kimi baxmırdı. Respublika isə xariclə iqtisadi əməkdaşlığa böyük ehtiyac hiss edirdi. Heydər Əliyevin tövsiyyəsi ilə beynəlxalq əməkdaşlığın yeni prinsiplər əsasında inkişafını formalaşdırmaq üçün bir sıra qanunlarda dəyişiklik edildi. Xarici ticarətin liberallaşdırılması istiqamətində cəsarətli addımlar atıldı.
Unudulmaz rəhbərimiz Heydər Əliyevin Azərbaycan xalqı qarşısında dahiyanə xidmətlərindən biri də qədim İpək yolu nəqliyyat dəhlizində respublikamızın aktiv iştirakını təmin etmək oldu. Çünki bu yolun fəaliyyəti respublikamızın sosial-iqtisadi dirçəlişinə böyük təsir göstərəcəkdi. Böyük İpək yolunun bərpası və orada Azərbaycanın aktiv iştirakı qlobal əhatə dairəsi, miqyası, əsrlərboyu faydası çox böyük olan bir məsələ idi ki, onun da həllində Heydər Əliyev müstəsna rol oynadı.
Ümummilli liderin ən layiqli davamçısı Prezident İlham Əliyevin adı ilə bağlı davamlı regional inkişaf proqramlarının qəbul edilməsi və uğurla gerçəkləşdirilməsi isə ölkə iqtisadiyyatının tarazlı inkişafının təmin olunması və neft amilindən asılılığın azaldılması, regionlar arasında sosial-iqtisadi inkişafa görə yaranmış uyğunsuzluqların, səmərəsiz miqrasiya proseslərinin xeyli dərəcədə yumşaldılması, regionların malik olduğu resurslardan səmərəli istifadə olunması, mövcud yerli istehsal müəssisələrinin fəaliyyətinin bərpası və gücləndirilməsi, yeni iş yerlərinin yaradılması, regionların istehsal, sosial infrastrukturunun müasir tələblər səviyyəsində qurulması ilə nəticələnir.
Ümummilli lider Heydər Əliyev Azərbaycan tarixində misilsiz izlər qoymuş dövlət xadimidir. Məhz onun uzaqgörən, cəsarətli, milli maraqlarımıza xidmət edən siyasəti nəticəsində bu gün biz azad, müstəqil, qüdrətli bir dövlətdə yaşayırıq. Ulu öndərin xatirəsini yad etmək hər birimizin müqəddəs borcudur. O, hələ ötən əsrin 70-ci illərində Azərbaycanı dünyada tanıdırdı. Bu məqsədlə Bakıda İttifaq və beynəlxalq əhəmiyyətli tədbirlər təşkil olunur, SSRİ respublikaları və sosialist ölkələrində, digər xarici ölkələrdə Azərbaycan mədəniyyəti və incəsənəti günləri keçirilirdi. Bunlar son nəticədə Azərbaycanın xarici ölkələrlə və orada yaşayan azərbaycanlılarla əlaqələrinin qurulması üçün zəmin yaradır, azərbaycanlıların özünəməxsus tarixi, mədəni ənənələri olan xalq kimi tanınmasını, Bakının isə həmin dövrdə dünya miqyasında tanınan bir elm və mədəniyyət mərkəzinə çevrilməsini təmin edirdi.
Ulu öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə hökm sürən hərc-mərclik, başıpozuqluq qısa vaxt ərzində aradan qalxdı. Heydər Əliyev özünün siyasi bacarığı sayəsində ölkəni vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi pərakəndəlikdən xilas etdi, doğma xalqını yenidən vahid bir məfkurə ətrafında səfərbər edib onun qəlbində sabaha inam hissi yaratmağı bacardı. Heydər Əliyev Azərbaycan həqiqətlərini qətiyyətlə bütün dünyaya tanıda bildi. Azərbaycan yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra özünün geosiyasi imkanlarını gerçəkləşdirməyi bacardı. Heydər Əliyevin siyasi zəkası sayəsində Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi geridə qaldı.
...Dünya siyasət meydanında cərəyan edən proseslərə təsir baxımından Azərbaycan rəhbəri həmişə öz sözü, öz çəkisi, öz sanbalı ilə seçilmişdir. Ümumxalq məhəbbəti qazanan Heydər Əliyevin bitməz-tükənməz enerjisi xalqı yaradıcılıq uğurlarına ruhlandırmışdır. Tarixin yetirdiyi görkəmli şəxsiyyətlərdən olan Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində iki əsrin və iki minilliyin qovuşuğundakı Azərbaycan öz milli-mənəvi dəyərlərini qoruyaraq, üçüncü miniliyyə inamla qədəm qoymuşdur. Heydər Əliyevin zəkası bütün sədləri yararaq və qarşıya çıxan heç bir çətinliyə baxmayaraq, Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından salamat çıxarıb ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırmışdır.
Olduqca mürəkkəb bir dövrdə xalqın xidmətində dayandığını nümayiş etdirən Heydər Əliyev bir çox siyasi xadimin edə bilmədiyini və edə bilməyəcəyini gerçəkləşdirmiş, müasir dünyanın ən aktual çağırışlarına cavab vermək bacarığı ilə XX və XXI əsrlərin tanınmış siyasi xadimləri sırasında həmişəlik öz layiqli yerini tutmuşdur.
Heydər Əliyev bizim dahi müasirimizdir. Bu faktın özü hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir. Heydər Əliyev, eyni zamanda, taleyin xalqımıza bəxş etdiyi böyük tarixi şəxsiyyətdir. O, Azərbaycanın tarixi inkişaf prosesinə təkan vermişdir. Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaratmışdır. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxmış, əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır.
Bütün mənalı həyatını öz xalqına bəxş etmiş dahi Lider














VÜQAR ABBASOV
,,CAHAN HOLDİNQ, SİRKƏTİNİN RƏHBƏRİ
3-12-2022, 14:43
Вернуться назад