DataLife Engine / Müstəqil Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir

Müstəqil Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir

Müstəqil Azərbaycan dövləti  Heydər Əliyevin şah əsəridir
Heydər Əliyevin Azərbaycan xalqı qarşısında böyük xidmətlərindən söhbət açanda ilk öncə 1969-1982-ci illərə, onun Sovetlər birliyi dövründə respublikamıza rəhbərlik etdiyi vaxtlara nəzər yetirmək vacibdir. Həmin illərdə yaşamış dövlət və sənət xadimləri, təsərrüfat adamları, ziyalılar daim Ulu Öndərimizlə bağlı xatirələrində belə görkəmli şəxsiyyətin müasiri olmaqdan qürurlandıqlarını bildirir və qeyd edirlər ki, onun Azərbaycana rəhbərliyi ölkəmizin tarixində əsaslı dönüş nöqtəsi olub. O vaxta kimi Azərbaycan adlı respublika nəinki dünya, hətta ittifaq miqyasında o qədər də tanınmırdı. Halbuki respublikamız ittifaqda zəngin yerüstü, yeraltı sərvətləri ilə seçilib. Amma respublikamızın adı ucqar milli əyalətlərdən biri kimi çəkilirdi. Məhz 1969-cu ilin tarixi iyul plenumunda Heydər Əliyevin respublika rəhbəri təyin edilməsi ilə Azərbaycanın tarixində sürətli inkişaf dövrü başlayıb. Qısa vaxt ərzində onun təşəbbüsü ilə mühüm sənaye müəssisələri Azərbaycanın şəhərlərində inşa edilib, təsərrüfat, elm və təhsil sahələrində qətiyyətli islahatlar həyata keçirilib.
Ulu Öndərin müstəqillik dövründə həyata keçirdiyi çox mühüm islahatlar sırasında ordu quruculuğunda görülən işləri də qeyd etmək vacibdir. 1994-cü ilin qışında Azərbaycan Ordusunun cəbhədəki ilk uğurlu əməliyyatının müəllifi məhz Ulu Öndərdir. Cəbhə xəttindəki hərbi hissələrə, təlim meydanlarına gedən komandan əsgər və zabitlərlə görüşüb onları müqəddəs bir amal naminə - gənc müstəqil Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda mübarizəyə ruhlandırırdı. Həmin döyüşlərdə öndə gedən komandirlərin əksəriyyəti isə Heydər Əliyev Məktəbinin - C.Naxçıvanski adına Hərbi Liseyin yetirmələri idi. Bu təhsil ocağının ildönümü mərasimlərindən birində salonda əyləşən zabitlərə, kursantlara xitabən dahi rəhbər təsadüfi demirdi: "Sizlərə baxanda sonsuz fərəh hissi duyuram ki, mən Azərbaycanda belə bir məktəb yaratdım və bu məktəbin yetirmələri mənə doğma övladlarım qədər əzizdir".
Təsadüfi deyil ki, ömrünün son günlərində, 2003-cü il oktyabrın 1-də dahi rəhbərimiz Azərbaycan xalqına müraciətində İlham Əliyevi nəzərdə tutub demişdi: "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri xalqın köməyi və dəstəyi ilə İlham Əliyev başa çatdıra biləcək". Həmin il ölkəmizdə keçirilən Prezident seçkilərində xalqımız birmənalı olaraq Ümummilli Liderimizin həyat və siyasət məktəbinin yetirməsinə səs verdi və İlham Əliyev yekdil səs çoxluğu ilə dövlət başçısı seçildi. Azərbaycan Prezidentinin siyasi kursunun ən başlıca istiqamətlərin-dən biri məhz ordunun hərbi qüdrətinin artırılmasıdır. Məqsədyönlü dövlət siyasətinin nəticəsidir ki, bizim ordu regionun ən qüdrətli ordusudur və qarşısında dayanan tarixi vəzifəni - torpaqlarımızın ərazi bütövlüyünü təmin etməyə tam qadirdir. Bu gün Azərbaycan Prezidentinin ətrafında sıx birlik nümayiş etdirən xalqımız əmindir ki, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən yaradılan müstəqil dövlətimizin inkişafı etibarlı əllərdədir.
Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanı daha xoşbəxt, insanları daha firavan görmək istəyirdi. Ümummilli lider dəfələrlə xatırladırdı: "İnsan üçün hər şeydən əvvəl onun vətənidir, torpağıdır. Bir çox əsrlər bu vətənin azadlığının, müstəqilliyinin arzusunda olmuşuq. İndi buna nail olmuşuq və bunu əziz tutmalıyıq".
Bu sözlər Azərbaycanın dövlətçilik tərəfinə yeni və unudulmaz bir səhifə yazan ölməz rəhbərin - Heydər Əliyevin nəsillərə ən müqəddəs tövsiyəsi kimi səslənir. Tarix zamanın sınaqlarında, dolaylarında yaranır. Zaman dəyişsə də tarix əbədidir. Bu dünyada yeni bir tarix yaradan dahi insan Heydər Əliyev də əbədidir, ölməzdir. Nə qədər bəşəriyyət var, Azərbaycan, azərbaycançılıq var, müdrik insanları qiymətləndirənlər var, Heydər Əliyev yaşayır və yaşayacaqdır!

Məmməd Mahmudov
6 saylı Cəzaçəmə Müəssisəsinin rəisi
8-05-2024, 19:18
Вернуться назад