
Bakı, 19 fevral, Uğuryolu.az
Fevralın 19-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin videokonfrans formatında iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, komitənin sədri Əli Hüseynli gündəliyə 5 məsələnin daxil edildiyini bildirib.
Əvvəlcə “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi birinci oxunuşda müzakirəyə təqdim olunub. Komitənin üzvü Nizami Səfərov məsələyə dair məlumat verib.
Bildirilib ki, dəyişikliyə əsasən, Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddinin 70-dən 75-ə artırılması qərara alınıb. Layihə uzunmüddətli hüquqi təcrübəyə malik hüquqşünasların Konstitusiya Məhkəməsində fəaliyyətini davam etdirməsinə şərait yaradaraq məhkəmə sisteminin səmərəliliyini artırmaq məqsədilə hazırlanıb.
Daha sonra iclasda iştirak edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov gündəliyin ikinci məsələsi – Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının qanun layihəsi (birinci oxunuş) barədə məlumat verib.
Qeyd edilib ki, layihə bir sıra qanun layihələrinin və “Aviasiya haqqında” Qanunun icrası ilə əlaqədar hazırlanıb. Nazir müavini söyləyib ki, yeni Qanunda aviasiya hadisələrinin və insidentlərinin araşdırılmasının təşkilinə, aviasiya personalına dair, mülki aviasiya sahəsində siğorta və mülki hava gəmilərinin istismar edilməsinə dair tələblər öz əksini tapıb. Layihədə, həmçinin dəmir yolu nəqliyyatında hərəkətin təklükəsizliyi qaydaları əleyhinə olan bəzi inzibati xətaların dispozisiyalarının təkmilləşdirilməsi və sanksiyadakı cərimə məbləğinin artırılması nəzərdə tutulub.
Əli Hüseynli gündəliyin üçüncü məsələsi “Feldyeger rabitəsi haqqında” Qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə məlumat verib. Dəyişikliyə əsasən diplomatik korrespondensiyanın daşınması qaydasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşəcəyi qeyd edilib.
Sonra gündəliyin digər 2 məsələsi - Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “Kommersiya sirri haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (birinci oxunuş) və “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1052-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə qanun layihələri nəzərdən keçirilib.
Sonra təqdim olunan məsələlər barədə komitə üzvləri öz fikir və qeydlərini söyləyiblər.
Onlayn iclasda təqdim edilən qanun layihələrinin hər biri Milli Məclisin plenar iclasına tövsiyə olunub.