“Şərq qapısı” xəbər verir ki, aprelin 20-də Ordubad rayonunda Region Tədris Mərkəzinin rəhbəri Vüsalə Məmmədovanın təşkilatçılığı ilə “Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri şəhid ailələri ilə görüş keçirilib. Əvvəlcə Ordubad rayonundakı Şəhidlər xiyabanı ziyarət olunaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub, şəhidlərimizin əziz ruhlarına dualar edilib. Tədbir yemək süfrəsi arxasında davam edib. Görüşdə çıxış edən “Dəmir Yumruq Alfa – A” Cəmiyyətinin yaradıcısı və təsisçisi Ülviyyə Əsədova bildirib ki, 44 günlük Vətən müharibəsində şəhid olan oğulların ruhu qarşısında öz missiyamızı layiqincə yerinə yetirməyə çalışırıq. Azərbaycanın bütün rayonlarında olub ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin ailələri ilə mütəmadi olaraq çoxsaylı görüşlər keçiririk.
Şəhidlik zirvəsi bütün yüksəkliklərdən ucada dayanan bir zirvədir. Torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq isə ən böyük şərəf və qürurdur. Onların əziz xatirəsi hər zaman qəlbimizdə yaşayır. Sizin övladlarınızın igidliyi, şücaəti sayəsində, biz firavan həyat yaşayırıq.
Daha sonra Region Tədris Mərkəzinin rəhbəri Vüsalə xanım bildirib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun əks-hücum əməliyyatı böyük qələbəmizlə başa çatdı. Mərd oğullarımız zəfər tariximizi öz qanları ilə yazdılar. Bu müqəddəs yolda canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar, gələcək nəsillərə örnək olacaq ömür yadigar qoydular. Onların qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün hər zaman örnək olacaq.
Mərasimin sonunda şəhid valideynlərinin hər biri göstərilən bu təşəbbüsə görə öz təşəkkürünü bildirib.