
Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfi (TADİV) Ankarada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər təşkil edir.
TADİV-in rəhbəri, professor Aygün Attar bildirib ki, mayın 5-də Vəqfin Ankaranın Oran rayonunda yerləşən “Şuşa” Konqres Mərkəzində “Heydər Əliyev və Türk dünyası” mövzusunda panel müzakirələri keçiriləcək. Müzakirələrdə türk ölkələrinin səfirlikləri, eləcə də Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndələrinin iştirakı nəzərdə tutulub.
Şənbə günü, mayın 10-da paytaxtdakı Altındağ Gənclər Mərkəzində Heydər Əliyevin xatirəsinə həsr olunmuş idman turniri keçiriləcək.
Nəhayət, bazar günü, mayın 11-də Ankarada Azərbaycan xalqının Ümummilli Liderinin doğum gününə həsr olunmuş bilik yarışması təşkil ediləcək.