
Prezident İlham Əliyevin Macarıstana səfəri Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının ikinci qeyri-rəsmi Zirvə görüşünün təşkilatın müşahidəçi üzvü olan Macarıstanda keçirilməsi TDT-nin rəsmi Budapeştlə əlaqələrin inkişafına önəm verdiyini göstərir.
Bu sözləri açıqlamasında politoloq Yalçın Hacızadə söyləyib.
O bildirib ki, Macarıstanın öz tarixi köklərinə qayıdaraq, türk ölkələri ilə əlaqələrin qurulmasında maraqlı olması, gələcəkdə Türk Dövlətləri Təşkilatına üzv seçilməyi planlaşdırması bu münasibətlərin daha da möhkəmlənəcəyini göstərir. Türk dövlətləri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və TDT-nin gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. “Ölkəmiz həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərir. Belə tədbirlər strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi, TDT-nin kollektiv strategiyasının formalaşdırılması, siyasi, iqtisadi, nəqliyyat, müdafiə sənayesi, humanitar, təhsil və mədəniyyət sahələrində Türk dövlətlərinin tam potensialından və imkanlarından istifadə edilməsi, onların qlobal miqyasda imkanları və resursları nəzərə alınmaqla daha iddialı məqsədlərin qarşıya qoyulması, birgə səylərin artırılması və strateji əhəmiyyətli regional layihələrin həyata keçirilməsi baxımından vacibdir. Nəqliyyat infrastrukturlarının və səmərəli transregional dəhlizlərin yaradılması ilə Türk dövlətlərinin regionda və dünyada qlobal ticarətin və iqtisadiyyatın inkişafında oynaya biləcəyi əvəzsiz rolu danılmazdır. Ticarət həcmlərinin artırılması, limanlara, dəmir və avtomobil yollarına, logistika qovşaqlarına investisiyaların cəlb edilməsi, beynəlxalq ticarət üçün Avropanı, Türkiyəni, Cənubi Qafqazı, Mərkəzi Asiyanı, Çini birləşdirən Orta Dəhlizin qurulması üzvlər arasında regional əlaqəni və inteqrasiyanı gücləndirməklə yanaşı, təşkilatın beynəlxalq əhəmiyyətini, gücünü və çəkisini daha da yüksəldəcək”, - deyə o əlavə edib.
Politoloqun sözlərinə görə, dövlətimizin başçısının Macarıstana səfəri, heç şübhəsiz, iki ölkə arasında da əlaqələrin inkişafına böyük təsir göstərəcək. Azərbaycan-Macarıstan münasibətləri tarixi, ortaq milli kök kimi mədəni amillərlə yanaşı, siyasi, iqtisadi, enerji təhlükəsizliyi məsələlərinə də söykənir. Macarıstan həm də Avropa İttifaqının və NATO-nun üzvü olduğu üçün bu münasibətlərin əhəmiyyəti daha da artır.
“Azərbaycan Macarıstanın üzv olduğu Avropa İttifaqı ölkələri ilə strateji tərəfdaşlıq razılaşmalarına malikdir. Azərbaycanın enerji siyasəti nəqliyyat yollarının şaxələndirilməsi üzərində qurulub ki, bu da hazırda öz bəhrəsini verir. Rəsmi Bakının sabit və balanslı siyasəti onu Avropa ölkələri üçün etibarlı tərəfdaşa çevirib. Bu da dövlətimizin xarici siyasətinin böyük uğurudur. Əlbəttə, bu uğurun memarı Azərbaycan Prezidenti İlham Əliyevdir. Onun Avropada enerji təhlükəsizliyinin və iqtisadi sabitliyinin təmin olunmasında oynadığı rol qitə ölkələrinin diqqətindədir. Ona görə də Azərbaycan Prezidentinin Avropa İttifaqına üzv ölkələrə səfəri zamanı onun şəxsiyyətinin, siyasətinin yüksək qiymətləndirilməsinin dəfələrlə şahidi olmuşuq.
Y.Hacızadə əlavə edib ki, Azərbaycan-Macarıstan münasibətləri enerji sektoru ilə yanaşı, qeyri-neft sahəsində də əməkdaşlığın inkişafına istiqamətlənib.