Azad edilmiş torpaqlarda vaxt itirmədən əkin işlərinə başlanılıb
44 günlük Vətən müharibəsində işğaldan azad olunan ərazilərin təbii ehtiyatları, xüsusilə kənd təsərrüfatı potensialı ölkəmizin iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Artıq bu torpaqlarda kənd təsərrüfatının inkişafı ilə bağlı işlərə başlanıb. Məskunlaşma prosesi başlayandan sonra kənd təsərrüfatı ilə məşğul olacaq sakinlərin aqrar texnika, toxum, gübrə və digər lazımi vasitələrlə təmin edilməsinə dair planlar hazırlanıb. 30 ilə yaxın müddətdə istifadəsiz qalan torpaq sahələrinin yararlı hala gətirilməsi, deqradasiya proseslərinin aradan qaldırılmasına paralel olaraq meliorasiya və irriqasiya sistemlərinin qurulması nəticəsində bölgədə kənd təsərrüfatının inkişafı istiqamətində ciddi nailiyyyətlər əldə olunacaq.
Ümumilikdə, işğaldan azad edilən ərazilərimiz hesabına növbəti illərdə əkin balansı xeyli artırılacaq. Sözügedən ərazilərdə kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət başçısının tapşırıqlarına uyğun olaraq işlərə başlanılıb, bu məqsədlər üçün böyük vəsait səfərbər olunub
Bu ərazilərin relyefi, iqlim şərtləri və digər təbii imkanları nəzərə alınmaqla Dağlıq Qarabağ və ətraf rayonlarda kənd təsərrüfatının prioritet istiqamətləri müyyən olunub. Belə ki, Cəbrayıl rayonunda heyvandarlıq, üzümçülük və baramaçılıq, Xocalıda kartofçuluq, üzümçülük və heyvandarlıq, Ağdamda heyvandarlıq, pambıqçılıq, taxılçılıq, Kəlbəcərdə heyvandarlıq, kartofçuluq, tərəvəzçilik, meyvəçilik, Laçında heyvandarlıq, taxılçılıq, bağçılıq, tərəvəzçilik, Qubadlıda heyvandarlıq, taxılçılıq, arıçılıq, baramaçılıq, üzümçülük, Füzulidə taxılçılıq, qoyunçuluq, bitkiçilik, Xocavənddə heyvandarlıq, üzümçülük, quşçuluq, taxılçılıq, bostançılıq, tərəvəzçilik, Şuşada heyvandarlıq, meyvəçilik, quşçuluq, Zəngilanda heyvandarlıq, tütünçülük, taxılçılıq, üzümçülük, arıçılıq, baramaçılıq sahələri böyük potensiala malikdir.
Əlbəttə ki, azad edilmiş torpaqların kənd təsərrüfatı potensialı çox böyükdür. Mənfur düşmənlərimiz 30 ilə yaxın müddətdə bizim torpağımızdan da istifadə edib qanunsuz gəlirlər əldə etmişdilər. İşğal dövründə ən azı 100 min hektarda taxıl əkilmişdi və rəşadətli ordumuz 44 gündə torpaqlarimizi azad etməsilə düşmənlərimizin bu özbaşınalıqlarına da son qoyuldu. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan 90 min hektardan çox əkin sahəsini geri qaytarıb. 27 illik işğal dövründə bu sahələrdə ildə 150 min ton müxtəlif növ taxıl istehsal edilirdi ki, onun da bir hissəsi Ermənistana ixrac edilərək bu ölkənin daxili tələbatının 20-30 faizini təmin edirdi. Xüsusi ilə qeyd olunmalıdır ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişaf etdirilməsi, taxılçılığın dirçəldilməsi sayəsində taxıl idxalını azaldacaq.
Göründüyü kimi, Azərbaycanın böyük istehsal və ixrac potensialı olan işğaldan azad edilmiş torpaqlarında kənd təsərrüfatının dirçəldilməsi yeni iş yerlərinin açılmasına, vətəndaşların səmərəli məşğulluğunun təminatına, əhalinin rifah halının yaxşılaşdırılmasına, eləcə də ölkənin ərzaq təhlükəsizliyinin təminatına böyük töhfələr verəcək.
Hafizə Xudiyeva,
Salyan rayon Qardili kənd tam orta məktəbin müəllimi