Minsk qrupunun üzvləri fəaliyyətləri üçün yeni istiqamətlər müəyyənləşdirməlidirlər
Tarix boyu xalqları çətin və böhranlı vəziyyətlərdən liderlərin siyasi iradəsi və uzaqgörənliyi xilas edib. Böyük çağırışlar zamanı hər bir liderin üzərinə düşən əsas vəzifə məhz xilaskarlıq missiyasıdır. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin də “dünyanın taleyini həll edən” böyük dövlətlərin təzyiqlərinə qarşı mübarizliyi, yüksək intellekti, məntiqli diplomatiyası ilə sipər çəkməsi 44 günlük Vətən müharibəsində bir daha özünü təsdiqlədi.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müharibə dövrü üçün müəyyənləşdirilən və həyata keçirilən siyasətin düşmənə həm döyüş meydanında, həm də informasiya savaşında üstünlük qazanmağımıza şərait yaratması danılmaz həqiqətdir. Ermənistanın 27 sentyabr 2020-ci il tarixdən Azərbaycana qarşı genişmiqyaslı açıq hərbi əməliyyatlara başladığı vaxtdan dövlətimizin başçısının dünyanın ən məşhur televiziya kanallarına müsahibə verməsi səbəbsiz deyildi. 44 günlük İkinci Qarabağ müharibəsi dövründə Prezident İlham Əliyev 30-a yaxın xarici KİV-ə müsahibə verdi. Bu müsahibələrdə dövlət başçısı Azərbaycanın haqlı mövqeyini, müharibənin başlanma səbəblərini sistemli şəkildə, siyasi uzaqgörənliklə geniş auditoriyanın diqqətinə çatdırdı. Məhz bu müsahibələr Azərbaycanın informasiya savaşında da qələbəsini təmin etdi.
2022-ci il yanvarın 12-də Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə də bir daha ötən illərdə əldə edilən nailiyyətlərə və qarşıda duran əsas hədəflərə diqqət çəkildi.
Müsahibədə maraq çəkən məsələlərdən biri də ATƏT-in Minsk qrupunun fəaliyyətinə Azərbaycan Prezidentinin münasibətidir. 2021-ci ildə respublikamızda iqtisadi, sosial sahələrdə görülən işlər barədə ətraflı danışan, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə aydınlıq gətirən, ölkəmizin hərbi və diplomatiya sahəsində qazandığı uğurlardan bəhs edən Prezident İlham Əliyevin ATƏT-in Minsk qrupu ilə bağlı fikirləri ictimaiyyət tərəfindən maraqla qarşılandı. Artıq tarixə gömülmuş Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaradılan, 30 ilə yaxın müddətdə bölgəyə turist səfərlərindən başqa yadda qalacaq heç bir xidmət göstərməyən Minsk qrupunun fəaliyyətsizliyi barədə ümumi rəy budur ki, qrupun həmsədr ölkələrinin təmsilçiləri yalnız Ermənistanı dəstəkləməklə məşğul olmuş, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli iə maraqlanmamışlar. Münaqişəni öz gücü ilə həll edən Azərbaycan İkinci Qarabağ müharibəsini Zəfərlə başa vurduqdan sonra ermənipərəst dairələr separatçı qurumun statusunu saxlamaq üçün Minsk qrupunun fəaliyyətinin bərpası üçün çalışsalar da, qərəzli dairələrin səyləri nəticə vermir. Həmsədrlərin fəaliyyətsiz «fəaliyyətinə» etirazlarını bildirən Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, sülhün, ədalətin təminatında deyil, münaqişənin davamında maraqlı olan Minsk qrupu sadəcə olaraq bu məsələni həll etmək niyyətində olmayıb. Özlərinin də etiraf etdikləri kimi, «münaqişənin həlli üçün Qarabağa səfərləri» onlar üçün istirahət, turist gəzintiləri idi.
Müsahibədə Minsk qrupu ilə bağlı sualı cavablandıran Prezident İlham Əliyevin «Hesab edirəm ki, onlar indi yubiley tədbirlərinə hazırlaşırlar. Çünki bildiyiniz kimi, Minsk qrupu 1992-ci ildə yaradılmışdır və bu il 30 illiyidir. Yəqin ki, bu tədbirlərin hazırlanması
onları məşğul edir. Amma əgər bu zarafatları kənara qoysaq, hesab edirəm ki, onlar özləri üçün bir gündəlik formalaşdırmalıdırlar. Bu, bizim işimiz deyil. Halbuki, mənim təsəvvürüm var ki, onlar nə ilə məşğul olmalıdırlar və nə ilə məşğul olmamalıdırlar. Nə ilə məşğul olmamalıdırlar, mən deyə bilərəm. Onlar Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olmamalıdırlar, çünki bu münaqişə həll olunub» sözləri reallığı əks etdirir. İkinci Qarabağ müharibəsini Zəfərlə başa vuran Azərbaycan üçün «Dağlıq Qarabağ» termini kimi, separatçı rejimin statusu da leksikonumuzdan silinib.. Ermənistanı dəstəkləyən Dağlıq Qarabağın status-kvosu cəhənnəmə göndərildi.
Məsələ burasındadır ki, bu gün həmsədrlər arasında gərginlik müşahidə olunmaqdadır və dövlətimizin başçısı bu məsələyə diqqət çəkərək, onlar arasında əvvəlki dövrlərdəki kimi birlik olmadığını qeyd etdi. Aydın olur ki, həm bu ölkələr arasındakı münasibətlər son vaxtlar xüsusilə çox gərginləşib, eyni zamanda, keçmiş münaqişə və indiki vəziyyətlə bağlı onların fərqli fikirləri var. İstənilən halda, təbii ki, bu vəziyyət ölkəmizi narahat etmir. Çünki 30 il ərzində münaqişənin həlli ilə bağlı davam edən diplomatik danışıqlar zamanı üçlüyün mövqeyinin üst-üstə düşməsi həll prosesinə mane olub. Bu gün isə artıq yeni reallıqlar fonunda vasitəçilərin yarıtmaz təcrübəsi heç kimə lazım deyil. Bu mənada Azərbaycan cəmiyyəti haqlı olaraq yeni mərhələdə həmsədrlərin fəaliyyətinə lüzum görmür.
Təbriz İsmayılov,
Salyan rayonu Sarvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndə