
Ümummilli lider Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin dövlətçilik tarixində mühüm yerə malik olduğunu bildirmişlər. Bu baxımdan, ümummilli lider Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında, Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında sərəncamları, eləcə də Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi, həmçinin Cümhuriyyətin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamları mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısı tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi və adı çəkilən sərəncamlar Azərbaycanın dövlətçilik tarixində çox mühüm və şərəfli bir mərhələ olan Şərqdə ilk parlamentli respublikanın əhəmiyyətinin hər zaman uca tutulduğunun, eləcə də dövlətçilik ənənələrinə böyük dəyər verildiyinin bariz nümunəsidir. Bununla yanaşı, Azərbaycan dövləti və xalqının dünya miqyasında baş vermiş tarixi hadisənin – Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə, onun qurucularının xatirəsinə böyük hörmətlə yanaşdığını, Bakının mərkəzində Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldıldığını demişdir: “Azərbaycan xalqı haqlı olaraq fəxr edir ki, bizim xalqımız bu respublikanı yaradıb. Bu, tarixi hadisədir, xalqımız üçün və dünya miqyasında tarixi hadisədir. Azərbaycan xalqını müstəqilliyə qovuşurdu”.
1918-ci il iyunun 17-də Fətəli xan Xoyskinin başçılıq etdiyi Azərbaycan Xalq Cümhuriyyəti hökuməti çox ağır şəraitdə, eləcə də soyqırımı taleyini yaşamış Azərbaycan xalqını bu çətin vəziyyətdən çıxarmaq məsuliyyətini öz üzərinə götürdü. Belə ki, hökumət iyun ayının 19-da bütün Azərbaycan ərazisində hərbi vəziyyət elan etdikdən sonra, təcili olaraq dövlət quruculuğu prosesinə başladı. Bütün bunlarla yanaşı, Azərbaycan hökuməti öz fəaliyyətinin mühüm bir hissəsini dövlət müstəqilliyinin qorunub saxlanması, eləcə də xarici müdaxilənin qarşısının alınması üçün ordu quruculuğuna yönəltmişdi.
Bu baxımdan ordu quruculuğu istiqamətində iyunun 26-da müsəlman hərbi korpusunun Azərbaycan korpusuna çevrilməsi ilə mühüm addım atıldı və faktiki olaraq ilk milli ordu yaradıldı. Bir gün sonra, Azərbaycan dili dövlət dili elan edildi. Bunun ardınca isə, iyul ayının 15-də Fövqəladə Təhqiqat komissiyası yaratmaq barədə qərar qəbul olundu və komissiya Birinci Dünya müharibəsi dövründə Cənubi Qafqaz ərazisində bütün türk-müsəlman əhalisinə qarşı erməni daşnakları tərəfindən törədilən soyqırımı cinayətlərinin araşdırıb, cinayətkarları məsuliyyətə cəlb etməli idi. 1918-ci il noyabrın 9-da mavi, qırmızı və yaşıl zolaqlı, üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan bayraq (Azərbaycanın hazırkı dövlət bayrağı) dövlət bayrağı kimi qəbul edildi. Müstəqil respublikanın dövlət himninin qəbulu, eləcə də Azərbaycanın milli valyutanın dövriyyəyə buraxılması da, Cümhuriyyət hökumətinin uğurlu islahatlarından biri kimi böyük əhəmiyyət kəsb edirdi.
Yalnız, 1993-cü ilin ikinci yarısından ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdı. Bundan sonra Azərbaycanın xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkəmizin milli mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi. Bu dövrdən başlayaraq həyata keçirilən xarici siyasətimiz məhz Ümummilli Liderin adı və onun fəaliyyəti ilə bağlıdır. Ümummilli Lider çox bacarıqlı, son dərəcə təcrübəli dövlət başçısı və yetkin siyasi xadim kimi bu çətin və mürəkkəb vəzifələrin öhdəsindən müvəffəqiyyətlə və böyük ustalıqla gəlmək bacarığı nümayiş etdirdi. Ölkəmizin sistemli şəkildə dünya birliyinə inteqrasiya olunmasında ikitərəfli və çoxtərəfli siyasi münasibətlərin genişlənməsi istiqamətində atılan addımlar mühüm əhəmiyyət kəsb edir.
Əsası Ümummilli Lider tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən xarici siyasət strategiyası dövlətlərarası regional və beynəlxalq əlaqələrə daha yaxından qatılaraq Şərq və Qərb dəyərlərinin sintezindən yaranmış cəhətləri özündə də əxz edərək, dünya birliyinə sıx inteqrasiya olunmaq xəttini seçmişdir. Bu seçimi reallaşdırmaq üçün Azərbaycan dövləti bir tərəfdən dünya təcrübəsini öyrənərək, özünün iqtisadi və siyasi inkişaf modelini müəyyənləşdirir, digər tərəfdən isə beynəlxalq aləmdə qəbul edilmiş prinsiplərə uyğun olaraq öz milli maraqlarını qoruyaraq dövlətlərarası əlaqələr qurur.
Prezident İlham Əliyev bildirmişdir ki, biz münaqişə ilə bağlı həqiqətləri dünyaya çatdırırıq və bundan sonra da çatdırmalıyıq: “Hesab edirəm ki, bu gün vəziyyət tamamilə fərqlidir. Çünki əgər əvvəlki dövrlərdə erməni lobbisi tərəfindən yayılan saxta, təhrif edilmiş məlumatlar daha çox yer tuturdusa, bu gün münaqişə ilə bağlı dünya ictimaiyyəti kifayət qədər məlumatlıdır. Hər kəs xəritəyə baxsa görər ki, Azərbaycan işğala məruz qalan ölkədir. Bu məsələ ilə bağlı biz bundan sonra da ardıcıl siyasət aparacağıq. Bizim prinsipial mövqeyimiz dəyişməz olaraq qalır. Biz bu mövqedən dönməyəcəyik. Münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır və müvafiq beynəlxalq təşkilatların qərar və qətnamələri icra edilməlidir”.
Bütün yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, bu gün Azərbaycanın xarici siyasət strategiyasının uğurla həyata keçirilməsi respublikamızın dünya miqyasında nüfuzunu xeyli artırmış, ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirmişdir. Bu baxımdan, dövlət başçısı bəyan etmişdir ki, 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı: “Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və onların niyyətlərini biz həyatda təmin etdik, həyata keçirdik. Əminəm ki, müstəqillik yolunda bizim inkişafımız davamlı olacaq, uğurlu olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaq!”
İstiqlaliyyər bayramınız mübarək əziz soydaşlar!
Məhəd Vəkilov
QAZAX SUVARMA SİSTEMLƏRİ İDARƏSİNİN RƏİSİ