
Kuala-Lumpur, 17 fevral,Uğuryolu.az
Kuala-Lumpurda Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Malayziyanın Bernama agentliyinin təşkilatçılığı və İranın İRNA agentliyinin sədrliyi ilə baş tutan tədbirdə AZƏRTAC da daxil olmaqla İcraiyyə Komitəsinin 13 üzvünün nümayəndələri iştirak ediblər.
Uğuryolu.az AZƏRTACa istinadən xəbər verir ki, iclas çərçivəsində agentliklər xəbər buraxılışının rəqəmsallaşdırılmasını, süni intellektin təsirləri, yalan xəbər və dezinformasiya ilə mübarizə yollarını müzakirə ediblər.
OANA-nın 54-cü iclasında baş katib Zaman Rezaxani təşkilatın maliyyə hesabatını təqdim edib. O bildirib ki, OANA-da agentliklərin yeni çağırışlara daha yaxşı hazır olmaları üçün onlayn seminarların keçirilməsi nəzərdə tutulur. Üzvlər ilk seminarın süni intellektə həsr olunması ilə bağlı razılığa gəliblər.
İclasda "OANA Foto 2024" və "OANA Məqalə 2024" müsabiqələrinin qalibləri açıqlanıb. "Fərdi foto" nominasiyasında TASS, "Fotoreportaj" nominasiyasında isə Vyetnamın VNA agentliyi qalib olub. Məqalə müsabiqəsində də birinci yerə VNA layiq görülüb.
Üzv agentliklərin qərarına əsasən, OANA-nın 54-cü Baş Assambleyası iyunda TASS agentliyinin təşkilatçılığı ilə Sankt-Peterburq şəhərində keçiriləcək.
Tədbirlərdə Malayziyanın investisiya, ticarət və sənaye naziri Tenqku Zafrul və kommunikasiya naziri Fahmi Fadzil də iştirak ediblər.