QƏŞƏM RZAYEVİN XATİRƏLƏRİNDƏN

Sentyabrın 17-si idi, bizi Ağdərədə çıxarıb Laçına Pircahanda gətirdilər. Onun şəhəri günü 701-in komandiri Zadir Rzayev gəlib bizim qabağımızda çıxış etdi. Göstəriş verdi ki, HOÇAZ istiqamətindən hücum edib Laçın koridorunu bağlamalıyıq. Onun dalınca bizim hərbi hissənin komandiri Süleyman Əhmədov da çıxış edib Hoçaz dağını alaraq Laçın koridorunu bağlamağın zərurətindən danışaraq hücum əmri verdi. Bu əmrdən sonra bizim birinci rotanın komandiri İSGƏNDƏROV RƏHMAN Hoçaz istiqamətində hücumla bağlı bizə məlumat verərək bildirdi ki, hazırlaşın, gecə çıxırıq. Biz də hər cür hazırlığımızı gördük. Axşam saat 9-10 arası HOÇAZ kəndindən olan UMUD MÜƏLLİMin bələdçiliyilə Pircahandan Seyidlər istiqamətinə 60-70 nəfər döyüşçü ilə hərəkət etdik.
Burada birinci rota ilə birlikdə adı Nəriman olan bir komandirin 30-35 nəfər döyüşçüsü də bizimlə həmin əməliyyatda iştirak edəcəkdi. Biz gecənin zülmətində HOÇAZ kəndinin aşağısında olan Pircahan çayına doğru hərəkət etdik. Gecə saat 3 radələri olardı. Həmin vaxtı Hoçaz da ermənilərdə idi. Kəndin içində və ətrafında ermənilərin bir neçə postları var idi.
Biz kəndin Laçın tərəfindən dərəiçi qalxıb Hoçazla Mollalar kəndinin yollarının kəsişdiyi nöqtədə 1666 deyilən koordinata çatdıq…
Rəhman İsgəndərovun iki sərrast atəşi və 1666-ci koordinatda sükut
Bizim qrupun məqsədi 1666 KOORDİNATında yerləşərək ermənilərin Hoçaz dağına arxadan gələn qüvvələrinin qarşısını alıb oradakı düşmənin mövqeyini zəiflətməklə hücum edən qüvvələrimizə kömək etmək idi.
Həmin vaxtı ön hissədən, yəni Soyuqbulaq tərəfdən hücum edən 701-in batalyonları və Laçın polisi, o cümlədən bizim batalyonun qalan hissəsi həmlə ilə dağı götürməli idilər. Ümumi plana əsasən bir sutka ərzində o dağ götürülməli idi. Biz də əlavə gələn qüvvələrin qarşısını almaqla düşməni mühasirəyə salmalı idik.