
“Coca-Cola” şirkəti bu il Azərbaycanda 30 illik yubileyini qeyd etməyə hazırlaşır.
Bu barədə “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin baş direktoru Rəna Məmmədova bildirib. O deyib ki, “Coca-Cola” 2025-ci ildə 30 illiyini qeyd edəcək.
Baş direktorun sözlərinə görə, “Coca-Cola” həm ekoloji, həm də sosial məsələlərə həssas yanaşır. Şirkətin Azərbaycanda da fəaliyyət göstərdiyi 30 il ərzində həyata keçirdiyi layihələr buna nümunədir.
Rəna xanım bildirib ki, Şirkətin qlobal Dayanıqlı İnkişaf Strategiyasına uyğun olaraq Azərbaycanda da missiyası su resurslarının qorunması, ətraf mühitin mühafizəsi, gənclərin, qadınların iqtisadi imkanlarının artırılması və dayanıqlı inkişafın təmin edilməsidir.
“Artıq uzun müddətdir ki, “Coca-Cola” şirkətinin təşəbbüsü ilə “Tullantısız Dünya” proqramı həyata keçirilir. Proqram çərçivəsində “Coca-Cola” Azərbaycanda da bir sıra ekoloji layihələrə dəstək olur. “HORECA Collection”, “Xəzəri Qoruyaq!”, “Təmiz Ölkəm”, “Təmiz Sumqayıt”, “Sıfır Tullantı” və ADA Universitetində həyata keçirdiyimiz “Suyu qoru, təbiəti canlandır!” kimi ekosistemin yaxşılaşdırılmasına yönələn layihələr bura daxildir. Ölkədə daha yaşıl dünya üçün çoxsaylı meşəsalma və ağacəkmə layihələri də həyata keçirmişik. “Coca-Cola”nın dəstəyi ilə son bir neçə ildə ölkədə 100.000-dən çox ağac əkilib. Həmin ağaclar üçün qurulmuş damcı-suvarma sistemi ilə suya da qənaət edilir. Onu da qeyd edim ki, cari il “Xəzəri Qoruyaq!” genişmiqyaslı aksiyasının 15-ci ildönümünü qeyd etdik. Kampaniya çərçivəsində Xəzər dənizinin çimərliklərinin 89 hektardan çox ərazisini təxminən 57 ton tullantıdan təmizlədik. Yaxın tarixdə plastik tullantıların təkrar emal prosesini daha da sadələşdirdik. Bu məqsədlə “Koroğlu”, “20 Yanvar”, “Əhmədli” metro stansiyalarında və Babək prospektində yerləşən “Bravo” hipermarketlərinin qarşısına təkrar emal konteynerləri yerləşdirilib.
“Coca-Cola” şirkəti həm də sosial layihələrə dəstək olur. Belə ki, bunlar “Gənc və əlilliyi olan qadınların iqtisadi və sosial həyatda səlahiyyətləndirilməsi", “Birlikdəyik”, “Rayon qadınlarının, gənclərinin iqtisadi və sosial həyatda fəal iştirakının təşviqi”, “Youth Inc. Business Academy”, “Sahibkarlıq Proqramı”, “from Start to Smart” və “New Generation” kimi müxtəlifyönümlü layihələrdir. Ümumilikdə, davamlılıq hər sahədə olduğu kimi ekoloji və sosial sahədə də əsas prioritetlərimizdən biridir. Hədəfimiz gələcək nəsillərə daha yaxşı dünya bəxş etməkdir”, - deyə baş direktor vurğulayıb.
Qeyd edək ki, şirkətin inkişaf planı çərçivəsində 2025-ci ildə “Coca-Cola”nın Azərbaycanda 2-ci istehsal müəssisəsinin açılması planlaşdırılır.