
Martın 17-də Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi Parlamentlərarası Əməkdaşlıq Komissiyasının 22-ci iclası keçirilib.
UĞURYOLU.az xəbər verir ki, iclasın açılışında Milli Məclisin sədri Sahibə Qafarova və Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko iştirak ediblər.
Sahibə Qafarova və Valentina Matviyenko salamlama nitqlərində parlamentlərarası əlaqələrin əhəmiyyətindən söhbət açıblar. Onlar deputatların parlamentlərarası əməkdaşlıq komissiyası çərçivəsində fəaliyyəti barədə fikirlərini bölüşüblər.
Tədbirdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğluna Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının “Parlamentarizmin inkişafındakı xidmətlərinə görə” fəxri nişanı təqdim edilib.
Sonra Azərbaycan-Rusiya Parlamentlərarası Komissiya işini davam etdirib.
Komissiyanın həmsədrləri – Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov və Rusiya Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin gündəlikdəki məsələlər barədə məlumat veriblər.
İclas iştirakçıları təqdim edilən məsələlər barədə öz fikir və qeydlərini açıqlayıblar.
Gündəlikdəki məsələlərin müzakirəsindən sonra Azərbaycan Milli Məclisi və Rusiya Federal Məclisi parlamentlərarası komissiyasının 22-ci iclası başa çatıb.
Tədbirdə parlamentlərarası komissiyanın Azərbaycan və Rusiya tərəfindən üzvləri, aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.