
Almaniyaya xüsusi qorunmağa ehtiyacı olan daha 200 əfqan qaçqın gətirilib.
UĞURYOLU.az xəbər verir ki, qaçqınların olduğu təyyarə Pakistanın paytaxtı İslamabaddan yola düşərək Hannover hava limanına eniş edib. Onların arasında çoxlu sayda qadın və uşaq var. Qaçqınların əksəriyyətinin Aşağı Saksoniya əyalətində yerləşən Fridland qəbul düşərgəsinə göndəriləcəyi bildirilir.
Almaniya hökumətinin məlumatına görə, təhlükədə olan 2800 əfqan hələ də Almaniyaya qəbul olunmaq üçün icazə gözləyir. Onlar bu müddətdə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən dəstəklənəcək.
Əfqan qaçqınlarının yerləşdirilməsi, təmin edilməsi, tibbi xidmətlər və psixososial dəstəklə təminatı üçün 2022-2024-cü illərdə təxminən 82,7 milyon avro vəsait ayrılıb.
Qaçqınların qəbul olunması bəzi tənqidlərə də səbəb olub. Tənqidçilər bildirirlər ki, Əfqanıstandan gələnlərin həqiqətən təhlükədə olub-olmadığı həmişə dəqiq yoxlanılmır. Son zamanlar Almaniya ordusuna kömək etmiş yerlilərin qaçqınlar arasında nisbətinin azaldığı da əsas tənqidlər arasında yer alır. Buna baxmayaraq, vəziyyət getdikcə gərginləşir. Pakistan hökumətinin qərarına əsasən, martın sonunadək bütün əfqan qaçqınlar ölkəni tərk etməlidirlər.
Xatırladaq ki, martın əvvəlində Almaniyaya 132 əfqan qaçqın gətirilmişdi.