Musiqi və incəsənət müəllimlərinin sertifikatlaşdırma qaydası - Təsdiqləndi

Aktual / Manset 21-iyl, 19:039 0 0
Musiqi və incəsənət müəllimlərinin sertifikatlaşdırma qaydası - Təsdiqləndi
“Dövlət uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” təsdiq edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib.

Qərara əsasən, təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər. Sertifikatlaşdırmaya cəlb olunmuş şəxslərə onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və dini etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.

Aşağıdakı təhsilverənlər sertifikatlaşdırmadan keçmirlər:

- hamilə qadınlar;
- uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər);
- ilk dəfə işə qəbul olunanlar, 3 (üç) il müddətində;
- azı 3 (üç) dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər.
- 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür.

Sertifikatlaşdırmanı Mədəniyyət Nazirliyi təşkil edəcək.

Sertifikatlaşdırmanın təşkili məqsədilə Nazirlik tərəfindən sədr daxil olmaqla, 7 üzvdən ibarət Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası yaradılacaq. Sertifikatlaşdırma Şurasına mədəniyyət naziri tərəfindən vəzifəyə təyin olunan və səlahiyyətlərinə xitam verilən sədr rəhbərlik edəcək.

Sertifikatlaşdırmanın nəticələri təhsilverənlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınır. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malik olacaqlar.

Sertifikatlaşdırma iki mərhələdən (test və müsahibə mərhələsi) ibarət olmaqla və videoçəkiliş təmin edilməklə keçiriləcək. Sertifikatlaşdırmanın test mərhələsinə 120 dəqiqə vaxt ayrılacaq. Test mərhələsində hər bir suala düzgün cavab 1 balla qiymətləndiriləcək. Səhv cavablar və ya sualın cavabsız qoyulması 0( sıfır) bala bərabər tutulur və düzgün cavablara təsir göstərməyəcək.

Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunacaqlar.

Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlayanadək Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv ediləcək.
Çap et
Oxşar Xəbərlər
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr